DƏRDİ BÖYÜK İTV

7-11-2019, 23:48


Sənət adamlarının hər zaman gözlədiyi, həm də səbirsizliklə gözlədiyi özəl bir gün var: ad günü. Heç də hansısa şəxsin təvəllüd gününü nəzərdə tutmuram. Sözü uzatmaq istəmirəm. Ən sonuncu qeyd olunandan -  AZTV-nin ad günündən, 63 illiyindən söz aşmaq istəyirəm. 

Bəlkə də ilk baxışdan elə görünə bilər ki, indi sadalayacağım iradlar digər peşələrə də aiddir. Amma əslində heç də belə deyil. Mən deyərdim ki, heç AZTV-nin özünə də bir o qədər aidiyyatı yoxdur. Hədəfim İTV-dir. Bu TV-də höküm sürən dərəbəyliyi, qanun pozuntularını,ayrıseçkiliyi görəndə, adamın bu xalqa, millətə yazığı gəlir. Çox qəribədir. Hər dəfə rəhbərlik dəyişəndə işçilərin ürəyi qan ağlayır. Hamı eyni şeyi fikirləşir: görəsən, kimi işdən çıxaracaqlar, kimi efirə buraxacaqlar, daha çox kimə baş əymək lazımdır, kimin sözü daha çox keçərlidir, kimin "qüsur"unu rəhbərliyə çatdırım, kimin "torbasını tikim" ki, rəhbərliyin yanında etimad qazanım? Bu suallar siyahısını çox uzatmaq olar. 

Digər vacib bir məqam isə yeni rəhbərliyin gətirdiyi yeni işçilərlə, köhnə işçilər arasında olan əmək haqqı fərqidir. İlahi, bu qədərdə də insafsızlıq olarmı? Bu cür hallarada cənab Prezident nəzarət etməlidirmi? Bir düşünün, bu cür haqsızlıqların, narazılıqların sonu nəyə gətirib çıxara bilər? Əməkdaşlara heç bir səbəb olmadan təzyiq göstərərək onlar işdən çıxarmaq necə sonuclanar? Yəqin ki, bütün bu suallarn cavabını çox yaxşı bilirsiniz. Amma sizləri bu sualların cavabları yox, başqa şeylər düşündürür: yaaranan fürsətdən daha çox yararlanmaq. 

Deyəsən, mətləbdən bir qədər uzaqlaşdım. Bir neçə gün əvvəl cənab Prezidentin sərəncamı ilə televiziyanın yaranması münasibətiylə TV işçiləri təltif olundu. Onların hər birini təbrik edirəm. İradım isə İTV-nin rəhbərliyinədir. Cənab Balakişi müəllim, İTV-nin təltif olunan işçiləri arasında çox təəssüflər olsun ki, bu televiziyada uzun illər canını, ürəyini qoyan, istedadlı, bacarıqlı əməkdaşlardan birinin də adını görmədik. Bununla mən sizin gördüyünüz işə "kölgə" salmaq niyyətində deyiləm. Amma onu da bilin ki, İTV son zamanlar nə qədər inkişaf etsə də, hələ də fəaliyyətə başladığı ilk illərin nüfuzuna yan ala bilməyib. O zamanlar televiziya həm də öz gücünə, öz qazancına, səmərəli fəaliyyətinə güvənirdi. İndiki kimi büdcədən İTV-yə ayrılan vəsait hesabına fəaliyyət göstərmirdi. 

Bəsdir bu haqsızlıq, bəsdir bu ədalətsizlik! Yetər! Balakişi müəllim, Sizə etibar ediblərsə, etimad göstəriblərsə, İTV-də yeni və köhnə işçi ayrıseçkiliyinə son qoyun. Əgər bu ənənə davam edərsə, sizdən sonra da sizin gətirdiyiniz işçiləri eyni tale, eyni aqibət gözləyir.

Sonda könhə İTV-çilərə də bir xatırlatmam var. Bu gedişlə gələn il təhvil verilməsi nəzərdə tutulan jurnalistlər üçün inşa edilən 3-cü binadan sizlərə çətin ki, mənzil nəsib olsun. Məsləhətdir ki, Balakişi müəllimin strategiyasından yararlanasınız, "öz xoşunuzla" ərizənizi yazıb ayrılasınız İTV-dən. Bəlkə sonra bir “xod” tapıb yenidən qayıtdınız işinizə. Bax onda, siz də olacaqsınız "təz"ə kadr. Həm babat qanorar alarsınız, həm mükafatlar almağa şansınız artar, həm də "köhnə işçi" adından qurtularsınız. Beləcə, oturub gözləməklə bu yaranı sağaltmaq mümkün deyil.


Ceyhun Şüküroğlu