Ukraynadakı soydaşlarımız: Yeni qanun layihəsi xaricdə yaşayan həmvətənlərimiz üçün böyük imkanlar açacaq

13-01-2020, 18:15

Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanun layihəsi qəbul olunduqdan sonra xarici ölkələrdə yaşayan həmvətənlərimiz üçün böyük imkanlar açılacaq. Ukraynada yaşayan soydaşlarımız, diaspor fəalları qanun layihəsinin həmvətənlərimizə böyük üstünlüklər verəcəyini vurğulayıblar.

TEZXEBER.AZ azərtaca-a istinadən xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Murad Cəfərovun açıqlamasında, qanun layihəsində “Soydaş vəsiqəsi”nin verilməsinin nəzərdə tutulduğu bildirilir. Bu da xaricdə yaşayan soydaşlarımız üçün böyük önəm kəsb edir. Bununla soydaşlarımız böyük dividentlər əldə edəcək.
“Bu qanun layihəsi qəbul edildikdən sonra soydaşlarımız Azərbaycana vizasız gediş-gəliş əldə edəcək, həmçinin Azərbaycan ərazisində əmək müqaviləsi ilə çalışmaq hüququ qazanacaqlar. Bundan başqa, bu sənədlə ödənişsiz təhsil əldə etmək imkanı da yaranacaq. Vəsiqələrin xaricdə yaşayan soydaşlarımıza, Azərbaycan əsilli əcnəbilərə, Azərbaycan SSR-nin keçmiş vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə veriləcəyini nəzərə alsaq, qətiyyətlə demək olar ki, bu, Azərbaycan dövləti tərəfindən həmin şəxslərə qarşı böyük dəstəkdir. Eyni zamanda, bununla gələcəkdə vergi və digər güzəştlərin əldə edilməsi də nəzərdə tutulub ki, bu da təqdirəlayiq haldır. Belə bir təşəbbüs yalnız alqışlana bilər”, - deyə M.Cəfərov əlavə edib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Nəcəf Əhmədov isə, “Soydaş vəsiqəsi”nin verilməsinin xaricdə yaşayan azərbaycanlılar üçün böyük imkanlar yaradacağını söyləyib. O deyib: “Azərbaycan Prezidenti İlham Əliyev xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması və onlara geniş imkanların açılması üçün dəstəyini heç zaman əsirgəmir. Belə bir qanun layihəsinin hazırlanması da bu siyasətin tərkib hissəsidir”. Onun sözlərinə görə, qanun layihəsində qeyd olunan imtiyazlar sayəsində soydaşlarımız tərəfindən Azərbaycana qoyulan investisiyaların həcmi də artacaq.