“Azərbaycan Prezidentinə Milli Qəhrəman adı verilsin”

15-04-2020, 20:25

DÖVLƏT MÜKAFATI LAUREYATI, ƏMƏKDAR ELM XADİMİ, PROFESSOR NİZAMƏDDİN ŞƏMSIZADƏ BU TƏKLİFLƏ MİLLİ MƏCLİS ÜZVLƏRİNƏ MÜRACİƏT ETDİ

Azərbaycanın Dövlət Mükafatı laureyatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizaməddin 
Şəmsizadə Azərbaycan Respublikası Milli Məclisinin üzvlərinə müraciət edib. Professor bəşəri fəlakət olan koronovirus pandemiyasının ölkəmizdə geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində görülən əhəmiyyətli tədbirlərə və bu mübarizədə göstərdiyi əzmkarlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi məsələsinin Milli Məclisin iclasında müzakirələrə çıxarılması təklifini irəli sürüb.
Müraciəti oxuculara təqdim edirik.


Azərbaycan Respublikasının Milli Məclisinə
Hörmətli Milli Məclis üzvləri.
Mən müstəqil Azərbaycanın Milli Məclisini ölkənin şəxsiyyətlər fondu hesab edirəm. Doğrudur, burada müəyyən dövrlərdə həmin fonda daxil edilməyə layiq olmayan təsadüfi adamlar da olub. Fəqət, bizim Milli Məclis ölkənin ən səlahiyyətli ali orqanıdır,  ölkəmizin həqiqi sahibi olan Xalq tərəfindən seçilib. Ona görə də Millət vəkilləri toxunulmazdır: onlar öz şəxsiyyəti, ləyaqəti və mərhəməti ilə xalqa nümunədir və nümunə olmalıdır.

Mən bütün bunlara güvənərək, bir vətəndaş və ziyalı kimi sizə müraciət edirəm.
Son illər respublikamız cənab Prezident İlham Əliyevin bacarıqlı idarəçiliyi, siyasi iradəsi, diplomotik uzaqgörənliyi sayəsində həm beynəlxalq siyasi arenada, həm də iqtisadi sahədə görünməmiş tərəqqiyə nail olub.

Koronovirus sindiromunun qloballaşma nəticəsində meydana çıxmış sərhədsiz dünya ideyasını məğlubiyyətə uğratdığı bir dövrdə cənab Prezidentin vətənini və xalqını dərin məhəbbətlə sevməsi bütün dünyaya nümunə oldu. Tarix onun dövlət siyasətinin, iqtisadi layihələrinin bütün sahələrdə keçirdiyi uğurlu islahatların doğruluğunu bir daha təsdiq etdi. “Hər bir azərbaycanlının Prezidenti” olan İlham Əliyev böyük reformatordur. O, Azərbaycanı yenidən qurmağa, dünyanın ən dayanıqlı ölkəsinə çevirməyə nail oldu. Dünyanın və mənəm-mənəm deyən Avropanın dövlət başçılarının çaşqın bir vəziyyətdə qaldığı  dövrdə onun öz dövlətinin gələcəyi naminə Birinci vitse-prezident  Mehriban xanım Əliyeva ilə birlikdə gördükləri işlər cahanşümul siqlətə malikdir. Böyük Çingiz Aytmatovun təbirincə desək, “XXI əsrin lider etalonu” İlham Əliyev uzaqgörənlik və müdriklik nümayiş etdirərək, ölkəni kürəsəl fəlakətdən xilas etmək üçün fədakarlıq və rəşadət göstərir.

Bütün bunları nəzərə alaraq, inadkar bir inamla ölkəmizi hədəf seçən bəşəri fəlakətə qarşı böyük rəşadət və əzmkarlıqla mübarizə aparan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi məsələsinə baxılmasını sizdən xahiş edirəm.

Hörmətlə,
Nizaməddin ŞƏMSİZADƏ
Azərbaycan Respublikasının Dövlət Mükafatı laureyatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor