"Yeni mənzillərin satışında niyə qanuna əməl edilmir?" (ŞƏRH)

3-12-2019, 17:37

"İlk vaxtlar şirkətlər Bakı şəhər İcra Hakimiyyətində qeydiyyatdan keçirdilər. Ancaq sonradan o ləğv olundu. Düzdür, məsuliyyətə salınmamışdı, amma hardasa kömək olurdu, prosesi hansısa qaydada nizama salırdı". 

Bu sözləri  hüquqşunas Murtuz Əli müqaviləli mənzillərin alqı-satqı prosesinin notarial qaydada aparılması qaydasına şirkətlərin əməl etməməsini dəyərləndirirərkən bildirib. 
Hüquqşunas hazırda şirkətlərin fəaliyyətlərini köhnə qaydada davam etdirməsinin səbəbini belə izah edib: 
"Qanunvericilikdə dəyişiklik oldu ki, yeni tikililərdə ilkin ödəniş 10 faiz alınmalıdır, ondan artıq olmaz. Sənədləşdirilmə MTK-nın özündə aparılır. Mənzillərin çoxunun çıxarışı yoxdur deyə, ona görə də notariusa gedə bilmirlər. MTK da məsələni "öz bildiyi" kimi həll edir. Qanunvericilikdə də boşluqlar olduğu üçün bundan istifadə edirlər. Mənzillərin satışı ilə bağlı ciddi mexanizm olmalıdır ki, nəzarət güclənsin". 
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov isə şirkətlərin qanuna əməl etməməsinə belə aydınlıq gətirib: "Orada iki yanaşma var: biri MTK-lar üçün, digəri MMC-lər üçün. MMC kommersiya təşkilatıdır. Bir nəfər tikir və onu dövlət reystr xidmətində ilkin qeydiyyatdan keçərək notarial qaydada hər bir mənzili ayrı-ayrılıqda satır. Bir də var kooperativlər. Kooperativ isə öz payını satır. Mənzili alanları protokol qaydası ilə kooperativə üzv kimi qəbul edir. Yəni, koperativ öz payını notarial da, belə də sata bilir. Hazırda qeyd etdiyiniz variantdan istifadə edirlər. Yəqin ki, o da bir zamana qədərdir. O haqda da bir tədbir görülər". 
Qeyd edək ki, 2018-ci il iyun ayından müqaviləli mənzillərin alqı-satqı prosesinin notarial qaydada aparılması təklifi təsdiq olunsa da, bu təklifə cəmi bir necə tikinti şirkəti əməl edir, digərləri isə fəaliyyətlərini köhnə qaydada davam etdirirlər. Bu isə bir mənzilin bir neçə nəfərə satılmasına, ondan sonra isə uzun-uzadı, problemi hərtərəfli həll edə bilməyən məhkəmə proseslərinə səbəb olur.  
Röya Kərimli
tezxeber.az