“Bütün sosial izolyasiya tədbirləri insanların sağlamlığının qorunmasına xidmət edir”

12-04-2020, 19:28
“Bütün sosial izolyasiya tədbirləri insanların sağlamlığının qorunmasına xidmət edir”<b style="color:red"></b>















“Koronavirusun elmə təxmini 40 növü məlumdur. Amma hazırkı COVİD 19 virusu Çindən yayılan və mutasiyaya uğramış epidemiyadır. Virusun çarəsini tapmaq üçün bütün dünya alimləri səfərbər olub. Gəlinən nəticələr belədir ki, fərqli əlamətlərlə özünü göstərsə də, qızdırma, qrip simptomları əsasdır. Mən artıq belə hesab edirəm ki, virusdan qorunmağın əsas yolu karantin qaydalarına əməl etməklə yanaşı immuniteti möhkəmləndirməkdir. Elə etməliyik ki, virus bədənə daxil olduqda zərər yetirməsin. Əlavə xəstəliklərlə yanaşı təsir etdikdə koronavirus öldürücü ola bilir. Mənə elə gəlir ki, nə qədər narazı olsaq da, televiziya və mediamız gigiyena qaydalarına, karantin rejiminə əməl etməklə bağlı maarifləndirə bilir. Görülən tədbirlər virusdan qorunmaq üçün əhəmiyyətlidir. Sadəcə, qayda-qanunlara, təlimatlara əməl etmək vacibdir. Bütün sosial izolyasiya tədbirləri, qayda-qanunlar insanların sağlamlığının qorunmasına xidmət edir”.
Bunu müsahibəsində telejurnalist, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli deyib. Q.Məhərrəmlinin sözlərinə görə, ölkədə demək olar hər şey onlayn rejimə keçib. Xüsusilə təhsildə onlayn sistem tətbiq olunur: “Mən də tələbələrlə videodərs aparıram. Onlar demək olar, hər gün zəng edirlər, yazırlar, sual verirlər. Çalışırıq ki, adı dərs günlərindən fərqli olmayan formada təhsili davam etdirək. Əslində karantin günləri həyatın axışı ilə bağlı ciddi problemlər yaratmır. İnsanlar onlayn şəkildə işlərini həll edə bilirlər. Sadəcə, bu günlərdə hərəkət məhdudlaşır. Belə olduğu halda isə qidalanma rejiminə xüsusi yanaşmaq, kaloritli qidalardan uzaq qalmaq lazım gəlir.
Qaydalara əməl edirik, kütləvi görüşlər olmur. Dostlarla isə sadəcə zəngləşirik. “YouTube”da “Pressklub TV” kanalımız var, internet üzərindən onu idarə edirik. Nəvələrlə də, dostlarla da, qohumlarla da  görüntülü danışırıq. Bir sözlə, yaranmış vəziyyətə uyğun hərəkət trayektoriyası cızmaqla, müvafiq addımlar ataraq, həm özümüzü, həm də yaxınlarımızı qoruya bilərik”.
Q.Məhərrəmli vurğulayıb ki, bu karantin günlərində günün çox hissəsini, işdə qaçhaqaçda keçirən adamlar evdə yığılıb qalan işləri həll edə bilərlər: “Çoxlu kitablar var, həll edilməli yığılıb qalan işlər var. Mən kiçik bir yaddaş planı hazırlamışam, hər səhər nəzər salıram ki, bu gün bunları etməliyəm. Çatdırmadıqlarımız da olur, amma salamatlıq olsun, bu hadisələr bitəndən sonra hamımız evdə nə iş görmüşüksə, səs-sorağı çıxacaq. Dostlarla görüşə bilmirik. Amma daimi zəngləşirik. Dediyim kimi, tələbələrlə, müəllim həmkarlarla, dostlarla internet vasitəsilə əlaqə saxlayırıq. Məndən yaşlı insanlara hərdən zəng edib, ürək-dirək də verirəm.
Hər kəs bu mövzuya çox ciddi yanaşmalıdırlar. İnsanlar özlərini, yaxınlarını, ətrafdakıları düşünməlidir. Dua edək ki, bu bəla tez keçib getsin. Normal həyatımıza qayıdaq”.
S.QARAYEVA