Müharibə uşaqlarının uzun saçları - PRİTÇA

14-04-2020, 02:08



 
Cahangir Məmmədli    

Müharibə uşaqlarının uzun saçları - PRİTÇA.


Ötən əsrin 40-cı illərinin sonları idi. Qış ötüb, yaz gəlmişdi. Kəndimizindən keçən Qarqar çayına da sel gəlmişdi. Müharibə uşaqları idik, Qarqarın suyunda üzürdük. Birdən çayın o tayında hündür boylu bir kişi göründü. Çayı biz tərəfə keçib yanımıza gəldi. Diqqətlə mənə baxdı və bir az əsəbi, bir az təəccüblə:
-Bu,nə başdı, ə?-deyə, soruşdu. 

O zaman müharibə uşaqları heç saçlarını daramağa da bir vaxt tapa bilmirdi. Bu kişi mənim saçımın uzanmağından çox narahat olmuşdu. Mənə bir az da yaxınlaşıb əmrlə:

- Bəri gəl, ə - dedi. Və daha heç nə demədən onsuz da sudan çıxan başımı bir də çaya saldı, torbasından bir ülgüc çıxarıb başımı ülgüclədi. Heç nə demədən çıxıb getdi. Axşam evdəkilərə bu hadisədən danışdım, başımı ülgücləyən kişini onlara təsvir etdim. Qardaşım dedi ki, Allah köməyi olsun, Xanlar kişidir...
  Bir az yekəldik və mən o Xanlar kişini- kəndimizin dəlləyini- böyük İNSAN adını daşıyan adamı müharibədən qayıtmayan atam kimi sevdim. Bu xeyirxah insan bu gün mənim yaxın dostum, "Ağdamda nəyim qaldı" kimi möhtəşəm bir avtobioqrafik romanın müəllifi Əli Əmirlinin atası idi.
  Bu əziz xatirə niyə indi yadıma düşdü? Bu insafsız "tətil" günlərində evdən çıxa bilmirəm, saçım da uzanıb, lap müharibə uşaqlarının o illərdəki saçı kimi. Necə edim, uzanmış saçlarımı harda qırxdırım...
Allah xanlar dayıya min - min rəhmət eləsin!

tezxeber.az