"Biçmədim, zəmim qaldı..." - Aydın Tağıyev

23-04-2020, 18:07

Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri

Gülmurad Muradov Siyəzən bölgəsində, Xəzərin sahilində, dənizin lap ləpədöyənindəki Balaca Həmyə adlı bir kənddə dünyaya gəlmişdi.

Yaşıdı olan bütün oğlanlar kimi Gülmuradın da günləri dənizin sahilində keçərdi. Ancaq Gülmurad dənizə tay-tuşlarının çoxu kimi nə tilov atıb balıq tutmağa gedərdi, nə də ki, sulara baş vurub çimməyə. Bəzən şahə qalxan dalğaların hay-harayına, bəzən də xəfif ləpələrin pıçıltısına qulaq asmaq, dənizin, suların gah şaqraq, gah da həzin, mavi nəğmələrini dinləmək xərtinə balaca Gülmurad saatlarla qumlu sahillərdə oturub qalardı. Ancaq burası da var idi ki, elə evlərində də çox vaxt eşitdiyi zurna, tar, qarmon, nağara səsi olardı. Gülmuradın atası Comərd kişi adlı-sanlı el sənətkarlarından idi, qara zurnası ilə Siyəzəndə, ətraf kənd-kəsəkdə neçə-neçə toy məclisləri, el şənlikləri yola vermişdi.
Beləcə uşaq yaşlarından musiqi ilə nəfəs ala-ala böyüyən Gülmurad klarnet adlı çalğı alətinə meyl saldı. Respublikamızın adlı-sanlı sənətkarlarından - Əşrəfin, Şəmsi İmanovun lent yazılarına, vallarına qulaq asmaqdan yorulmazdı. Gülmurad bu ustad musiqiçilərin ifalarını dinləyə-dinləyə həm də onlardan öyrənərdi. Tanrı Gülmurada anadangəlmə nadir musiqi duyumu, musiqi istedadı bəxş etmişdi. Və elə bu fitri istedadı sayəsində Gülmurad çox cavan yaşlarında, ötən yüzilliyin yetmişini illərində respublikamızda tanınan klarnet ifaçılarından birinə çevrildi, məşhurlaşdı, ad-san qazandı, konsertlərə, el şənliklərinə dəvət olundu.
Gülmuradın çalğısı həddən artıq yanıqlı, həzin və kövrək idi. Onu Azərbaycanın az qala yaxın-uzaq, bütün bölgələrinə, hətta Gürcüstana, Dağıstana toy məclislərinə aparardılar.
Bizim şimal bölgəsində öz subaylarının xeyir işlərində iştirak etmək üçün Şəmsi İmanovun yanına gedənlərin xahiş-minnətlərini, hətta böyük məbləğdə pul təkliflərini bu məşhur sənətkar qəbul etməz, cavan həmkarının ifasına pərəstiş, həm də hörmət və ehtiram əlaməti kimi:
- Əşi, sizin ki, öz Şəmsiniz var, - deyərdi, - Gülmurad olan yerdə daha mənə nə ehtiyac?!
Gülmuradın çaldığı "Vağzalı" hər yerdə adla deyilirdi. Onun ifasında el havalarımız, xalq mahnılarımız digər adlı-sanlı sənətkarlarımızın ifasında dinlədiklərimizdən tamam fərqli, bənzərsiz idi. "Sona bülbüllər"i klarnetdə çalanda elə bil ki, adi musiqi aləti deyil, o sona bülbüllərin özləri dilə, fəryada gəlib yanıqlı-yanıqlı zəngulələr vurar, qəmli-qəmli oxuyardılar:
Dəryada gəmim qaldı,
Biçmədim, zəmim qaldı...

İndi otuz ildən çoxdur ki, Gülmurad ilə birlikdə o bülbüllər də susub.
Bu da bir vaxt Gülmuradla bir yerdə məclislər yola vermiş, indi elə özü də haqq dünyasına qovuşmuş, yaxın qohumu, mərhum Vidadi Muradovdan eşidib yaddaşımda qalan bir xatirə: "Görkəmli bəstəkarımız Cahangir Cahangirovun məşhur "Ana" mahnısını Rəşid Behbudov öz ölməz ifası ilə analarımızın şərəfinə, adlarına layiq möhtəşəm bir abidəyə-nəğməyə çevirmişdi.
Klarnetdə Gülmuradın ifasında bu mahnıya qulaq asanlar da onu dinləməkdən doymazdılar.
Və 1981-ci ilin payızı idi, Gülmuradın ölümündən az keçmişdi. Sumqayıtda yaxın bir qohumun toy məclisində idim. Siyəzəndən olduğumu bilən məclis iştirakçılarından bir nəfər ahıl kişi məndən Gülmuradı xəbər aldı, kefini-halını soruşdu. Gözlərim yaşla doldu və həmin kişi Gülmuradın artıq bu dünyadan köçdüyünü bilincə elə camaatın gözü qabağında ən əziz, yaxın adamının qəfil ölüm xəbərini eşidənlər kimi başına iki əlli qapaz vurub hönkürtü qopartdı. Onu güclə sakitləşdirə bildilər. Axır ki, haçandan-haçana toxtayıb özünə gələn bu yad adam: - Siz haradan biləsiniz ki, - dedi, - mən ən doğma adamımı bu gün bir daha yenidən itirdim...
Məclis iştirakçılarının onun bu sözlərindən çaş-baş qaldıqlarını görüb gözlərinin yaşı hələ də qurumamış ahıl kişi qayıtdı ki, bəs mən anamı erkən yaşlarımdan itirmişdim.
Ana laylası eşitməmişdim, ana nəvazişi görməmişdim. Və bir gün bir toy məclisində Gülmurad adlanan bir cavan sənətkarın ifasında klarnetdə "Ana" mahnısını eşidəndə elə bildim ki, anam sağdır, beşiyim başında durub mənə layla çalır. O gündən sonra xəbər tutanda Gülmuradın apardığı toy məclislərinə gedər, bu mahnını ona sifariş verib qulaq asardım... Hər dəfə də elə bilərdim ki, anamla üzbəüz əyləşmişəm. İndi isə...
Gülmurad həm də xeyirxah, gözü-könlü tox insan idi, toy sahibləri ilə heç vaxt sövdələşməz, pul söhbəti etməzdi. Gülmuradın ürəyi, qəlbi kimi əli də açıq idi, səxavətli idi. Adam sərrafı olan Gülmurad ürək qızdırdığı dost-tanışla, yaxın həmxanələrlə xudmani məclislər qurmağı, yeyib-içib pul xərcləməyi sevərdi. Ona xidmət, qulluq etmək arzusunda olan pərəstişkarları da çox idi. Belə məclislərdə şərəfinə deyilən saysız-hesabsız sağlıqlar Gülmuradın heç demə cansağlığına, canına düşmən, qənim kəsilirmiş...
Gülmurad bir sənətkar kimi musiqimizi yad nəfəslərdən, xaric səslərdən qoruyardı, sənəti müqəddəs, uca tutar, qədir-qiymətini bilərdi. Heç kimə bənzəmək istəməz, öz çalğısının, ifasının üstündə əsim-əsim əsərdi.
Ancaq nə yazıqlar ki, Gülmurad sağlamlığını, səhhətini qoruya bilmədi, öz qədrini bilmədi. Və ona qənim kəsilən "ölüm" adlı insafsız bir düşmən Gülmuradı hələ yaşının qırxını tamamlamamış yaxaladı...
Biçilməyən zəmilərin dəni, sünbülü isə itib-batmır... Ovxalanıb tökülərək elə torpağa qarışır və hər dəfə də yaz gələndə təzədən boy verib cücərir...
Həyatdan nakam getmiş bu el sənətkarının ifasına vur-tut bircə dəfə də olsa qulaq asanların yaddaşında isə Gülmuradın xatirəsi aradan illər keçsə də, həm həzin-qüssəli, həm də oynaq, şıltaq və duyğulu bir yaz kimi, bahar kimi indi də yaşılca qalıb...

tezxeber.az