AY Bəniz Əliyar "Vəfa borcu"

10-12-2019, 22:15

Vəfa borcu
Sabir Zöhramlının xatirəsinə.

Yaş artdıqca qazandıqlarımızdan itirməyə başlayarkən ətrafımızdan yaxşı insanların da azaldığını hiss edirik. Buna Həyat deyirlər. Yaşayırsan, dostlar qazanırsan, ev-ailə sahibi olur, müəyyən bir yaradıcı fəaliyyətlə məşğul olursan və… günlərin bir günü gəlir ki, canınla əlləşə-əlləşə ölümə yenilirsən. Ömrün bütün fəsillərindən dadmaq nəsib olursa, nə xoş halına…
50 yaşının astanasında işıq üzü görən ilk (həm də son)”Məni dərd şair elədi” adlı şeirlər kitabını vərəqləyərkən Sabir Zöhramlının yazdığı avtoqrafı oxumadan keçmək mümkün deyil. Ömrünün acılı-şirinli günlərinə güzgü tutduğu tək kitabını öz kiçik hədiyyəsi kimi qəbul etməyimi istəyir. Altında imzası, telefon nömrələri və günün tarixi. Həmin gündən, nə az, nə çox, düz 10 il 3 həftə keçib. Bu illər lap bir göz qırpımında keçib sanki. Alatoran xatırlayıram 10 il öncəki ilk görüşümüzü. Ancaq ikinci, yəni sonuncu görüşümüzdən bəlkə də bir-iki il zaman ötüb.
Xaqani Poeziya Evində “Şabran nəğmələri” almanaxının növbəti təqdimatındayıq. Çıxış edir Sabir. Adına, özünə, sözünə layiqdi çıxışı da. Çox zaman kiminsə haqqında ətraflı məlumat vermədən qısaca: “Kölgəsi bol adamdı, ələgələn dostdu” deyirlər a, bax, eynən Sabirə aiddi həmin sözlər, eyni xarakteristikada olan insandı Sabir də.Sadəlövdü, çoxundan fərqli olaraq gözə girməz, sakitcə yerini bilib hörmətini saxlayar, adı çəkilməsə də görünər. Duz-çörək kəsdikləri bir də… bir də süfrəsinin başına çəkər onu.
Ön sözü oxuyuram. Xalq yazıçımız Əlibala Hacızadə yazıb. Təsadüfə bax… O da Sabir Zöhramlını mənim kimi cəmi iki kərə görməklə artıq onun ilk və son kitabına ön söz yazacaq qədər doğması olub.Və keçirəm tanrısal şeirlərə, elə ilk səhifədən “Tanrım” deyə xitab edir:
Hər günümə bilgi ver,
Ömrümə də bölgü ver.
Tanrım, elə sevgi ver,
Ölüm ölümdən qabaq.
Beləcə Sabirin 10 il bundan öncə çıxardığı kitabının ilk vərəqlərindəcə itib batırsan. 50 illik ömrü eləcənə 60 vərəqə sığışdırıb, qalan yaşadığı 10 ili də yazacağı şeirlərdən çıxarıb geriyə qatlayıb Sabir. 60-ın astanasında ömür vəfa qılmayanda dostlarının və onu tanıyanların boynuna beləcə bir ömürlük vəfa borcu yüklənib.
Gah satirik şeirlərdən, gah da təmsillərdən boy atır kitab, müəllifinin ömrünü uzadır.
Bəzən duz yükü çəkdim,
Bəzən kömür daşıdım.
Bir ömürün içində
Neçə ömür daşıdım.
İstiot, duz səpsə də
Məni yeyə bilmədi.
Dünya özü əyildi,
Məni əyə bilmədi.
Bir Sabir də belə gəldi keçdi dünyada