Tural Gəncəliyevlə Kasprşik bir arada

13-02-2020, 21:51
Fevralın 13-də ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kasprşikin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının ofisində Tural Gəncəliyev və icma üzvləri ilə görüşü baş tutub.
TEZXEBER.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, görüş zamanı Anjey Kasprşik icma rəhbəri Tural Gəncəliyevi 9 fevralda Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində Xankəndi seçki dairəsindən seçicilərin əksəriyyətinin dəstəyini qazanaraq millət vəkili seçilməsi münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. 
T. Gəncəliyev Kasprşikə təşəkkürünü bildirib və çoxsaylı seçicilərin dəstəyi nəticəsində bundan sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş rəsmisi qismində fəaliyyətini daha fəal şəkildə davam etdirəciyini vurğulayıb.
 
İcma rəhbəri həmişə qeyd olunduğu kimi, icmalararası təmaslara hazır olduğumuzu, məcburi köçkünlərin öz torpaqlarına geri dönmək istəklərini və bu müstəvidə irəli sürülən təşəbbüsləri dəstəkləmək niyyətimizi bəyan edib.  
Xatırladaq ki, son zamanlar Dağlıq Qarabağın azərbaycanlı icması ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Azərbaycandakı səfirləri, həmçinin digər rəsmi və ictimai şəxslərlə çoxsaylı görüşlər keçirib və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının erməni icması ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşamağa hazır olduğunu bütün görüşlərdə diqqətə çatdırıb.