Prezident İlham Əliyev Dünya Bankının icraçı direktoru ilə görüşüb

15-02-2020, 16:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 15-də Münhendə Dünya Bankının icraçı direktoru Aksel van Trotsenburq ilə görüşü olub.

TEZXEBER.AZ apa-ya istinadən xəbər verir ki, Dünya Bankının icraçı direktorunu salamlayan Prezident İlham Əliyev deyib ki, bu görüş gələcək əməkdaşlığımız haqqında danışmaq üçün yaxşı fürsətdir: "İndiyədək tərəfdaşlığımız çox uğurlu olub. Uzun illərdir ki, bizə göstərdiyiniz dəstəyə görə sizə minnətdarıq. Bildiyiniz kimi, iqtisadiyyatımız indi transformasiya dövrünü yaşayır və əsas prioritet iqtisadiyyatın şaxələndirilməsidir. Buna görə də biz indi sizinlə çox önəmli özünüməşğulluq layihəsi üzərində və digər layihələr üzərində işləyirik. Ümidvarıq ki, bu məhsuldar əməkdaşlıq gələcəkdə də uğurla davam edəcək".
İcraçı direktor Aksel van Trotsenburq isə Prezident İlham Əliyevə Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasının donor ölkəsi olduğu üçün təşəkkür edib: "Siz də bildiyiniz kimi, əvvəllər Azərbaycan bizim güzəştli maliyyələşmə pəncərəsindən faydalanıb. Hesab edirəm ki, bir ölkənin burada aparıcı rol oynaması, sonra isə yoxsul ölkələrlə həmrəy olan ölkələr klubuna qoşulması bir uğur hekayəsidir. Sizin 5 milyon dollar məbləğində töhfəniz çox yüksək qiymətləndirilib. Çünki hesab edirəm ki, bununla biz sonda bəzi ölkələrin hələ də uzun yol qət etmək məcburiyyətində olduqlarına işarə etməsini unutmamalıyıq. Lakin ölkənizin timsalında siz artıq bu fazanı geridə qoymusunuz və ölkəniz yeni çağırışlarla üz-üzədir. Biz çox məmnunuq ki, Sizinlə bu məsələlər üzərində işləmək imkanına malikik. Hesab edirik ki, gələcək əməkdaşlıq üçün xüsusilə Mərkəzi Asiya önəmli bir bölgədir".