"ABŞ Orta Şərqin xəritəsini dəyişməyə bu ölkədən başlayacaq

9-10-2019, 21:37

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətinin Suriyanın şimalında təkbaşına bufer zonası yaratmaqda israrlı olduğunu qeyd etmişdi və biz artıq onun əməli nəticəsini müşahidə edirik. Lakin, Türkiyənin müttəfiqlərin yardımı olmadan təkbaşına hərəkət etməsi onu deməyə əsas verir ki, Türkiyə bu məsələdə nə Rusiya və İran, nə də ABŞ-la ümumi razılığa gələ bilməyib”.
Bu sözləri Türkiyə və ABŞ arasındakı son prosesləri şərh edən politoloq Nəzakət Məmmədova TEZXEBER.AZ-a deyib. Politoloq deyib ki, çox güman ki, Türkiyə təkbaşına hərəkət edəcək və ABŞ buna göz yumacaq:
“Ərdoğan bundan əvvəl də dəfələrlə təkbaşına hərəkət edəcəklərini vurğulayaraq, Fəratın şərqində əməliyyat apara biləcəkləri xəbərdarlığı etmişdi. Bu proseslər onu göstərir ki, Türkiyə keçmiş və hazırkı müttəfiqlərdən lazımi dəstək tapa bilmir və təkbaşına hərəkət etmək onun Suriyadakı hərbi-siyasi strategiyası variantlarından biri kimi istisna olunmur. Amerika ya PYD/PKK-nı dəstəkləməyə davam edəcək və bu, onların münasibətlərini daha da gərginləşdirəcək, ya da Türkiyənin əməliyyatlarına səssiz qalmalı olacaq. Son proseslər onu göstərir ki, ABŞ Türkiyə ilə münasibətləri daha da pisləşdirməmək üçün Fəratın şərqində əməliyyat məsələsinə göz yumacaq”.


Politoloq həmçinin qeyd edib ki, bu bölgəni Türkiyənin tutması Rusiya üçün də əlverişlidir:
“ABŞ Suriyanın şimalında təhlükəsizlik zolağı yaratmaqla Suriya Demokratik Qüvvələri adlandırdığı, əslində isə PYD/YPG-nin daxil olduğu və Türkiyənin terrorçu kimi tanıdığı kürd qruplaşmaları üçün bufer zona yaratmaq istəyir.
Öz reytinqinin yüksəlməsi üçün Münbiç və Fəratın şərqində keçiriləcək əməliyyatlar Ərdoğan üçün lazımlıdır. Çətin ki, Moskva buna mane olsun və ya Əsəd hər hansı bir formada müqavimət göstərsin. Bundan başqa, ABŞ-ın çıxmasından sonra həmin bölgədə onun yerini Amerikaya bağlı olan PYD/YPG-dənsə Türkiyənin tutması Kreml üçün daha sərfəlidir”.
Nəzakət Məmmədova ABŞ-ın Suriyadakı məqsədləri ilə bağlı isə bunları deyib:
“Türkiyə, Rusiya və İranın Suriyanın ərazi bütövlüyünün tərəfdarı olduğu halda, onların əksinə olaraq ABŞ Yaxın Şərqin xəritəsini dəyişməyə məhz Suriyanın parçalanması ilə başlamaq, kürd dövlətinin yaradılmasını Suriyadan başlayıb İraqa keçirmək istəyir. Amerika bu prosesi İraqdan başlamaq istəmir. Suriyanın gələcəyi ilə bağlı bunu demək olar ki, ölkənin ərazi bütövlüyü qalacaq, lakin siyasi sistem, idarəetmə forması dəyişə bilər. Məsələn, Suriya gələcəkdə federativ dövlət ola bilər”.